Sülh prosesi çərçivəsində Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hüquqi və sosial aspektləri

Ermənistanla Azərbaycan arasında sülh prosesinin aparılması uzun illər davam edən münaqişədən sonra region üçün strateji dönüş nöqtəsidir. Proses sadəcə siyasi münasibətləri normallaşdırmaqla kifayətlənmir, eyni zamanda Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq regional sabitliyi bərpa etmək və qarşılıqlı etimadı möhkəmləndirmək üçün geniş imkanlar təqdim edir. Sülh danışıqları Cənubi Qafqazda humanitar, sosial və iqtisadi dəyişikliklərin həyata keçirilməsinə şərait yaradır və bölgədə uzunmüddətli transformasiya üçün zəmin hazırlayır.
Sülh prosesi çərçivəsində insanların Qərbi Azərbaycana qayıdış hüququ da öz əksini tapır. Qayıdış prosesi sadəcə fiziki köçü əhatə etmir, həm də şəxslərin yaşamaq, işləmək və təhsil almaq hüquqlarının təmin olunmasını nəzərdə tutur. Dövlət tərəfindən hazırlanmış Qərbi Azərbaycana qayıdış konsepsiyası bu hüquqları qoruyaraq geri dönənlərin həyat şəraitini bərpa etmək məqsədini güdür. Əsas prinsip, ərazi iddiasının olmaması və insanların öz doğma torpaqlarında yaşamaq hüququnun tanınmasıdır.

Qərbi Azərbaycana qayıdış prosesinin hüquqi baxımdan dayanıqlı olmasını təmin etmək üçün qanunvericilik və beynəlxalq hüquq çərçivəsində mexanizmlər hazırlanmalıdır. Bu mexanizmlər vaxtıykən indiki Ermənistan ərazisindən qovulmuş şəxslərin sosial xidmətlərə çıxışı, mülkiyyət hüquqlarının qorunması, təhsil və səhiyyə imkanlarının təmin olunması kimi əsas hüquqlarını əhatə edir. Hüquqi zəminin möhkəm olması qarşılıqlı etimadın bərpasına və geri dönüşün uğuruna xidmət edir. Əlavə olaraq, geri dönənlərin hüquqlarının qorunması üçün məhkəmə və hüquqi dəstək mexanizmləri, habelə yerli və beynəlxalq monitorinq sistemləri tətbiq edilə bilər ki, hər hansı pozuntu halları vaxtında aradan qaldırılsın.

İnsanların cəmiyyətə harmonik inteqrasiyası sülhün əsas göstəricisidir. Təhsil, səhiyyə və sosial xidmətlərə çıxışın təmin olunması, iş imkanlarının genişləndirilməsi və ictimai iştirakın təşviqi geri dönüşün uğurunu təmin edən mühüm amillərdir. Koordinasiyalı sosial proqramlar və yerli icmaların təşviqi, insanların cəmiyyətə inteqrasiyasını sürətləndirir və qarşılıqlı güvən mühitini gücləndirəcək. Qayıdan şəxslərin yerli məktəblərdə təhsilə inteqrasiyası və peşə hazırlığı proqramlarına cəlb olunması həm fərdi, həm də cəmiyyətin ümumi rifahını artıracaq.
Mədəni və sosial sahələr geri dönüş prosesinin ayrılmaz hissəsidir. Qayıdış prosesinin nəticəsində şəxslərin mədəni irsə çıxışı, tarixi abidələrin qorunması və icma səviyyəsində mədəni layihələrin həyata keçirilməsi sosial inteqrasiyanın güclənməsinə xidmət edəcək. Atılan bütün bu addımlar eyni zamanda regionda uzunmüddətli inkişafı və sosial barışı dəstəkləyir.

Azərbaycanın Qərbi Azərbaycana qayıdış konsepsiyası, geri dönüş prosesini hüquqi, sosial və mədəni sahələrdə koordinasiyalı şəkildə həyata keçirməyi hədəfləyir. Konsepsiya qayıdanların həyat şəraitini bərpa etməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasını təmin edəcək və dayanıqlı sosial stabilliyin yaradılmasına xidmət edəcək.
Sülh və Qayıdış Konsepsiyasının uğuru yalnız fərdlərin rifahına deyil, həm də Cənubi Qafqaz regionunda uzunmüddətli regional sabitliyə və qarşılıqlı etimada təsir edəcək. Cəmiyyətlərin bir-birilərinə inteqrasiyası cəmiyyətlərin dayanıqlı inkişafını təmin edəcək. Bu proses dövlətin daxili siyasətini gücləndirməklə yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunu artıran strateji addımdır.

Sülh prosesi və insanların Qərbi Azərbaycana geri qayıdışı sadəcə keçmişin nəticələrini aradan qaldırmaq məqsədini daşımır, eyni zamanda dayanıqlı sülhün, cəmiyyətlərin inteqrasiyasını və Cənubi Qafqazda uzunmüddətli inkişaf və sabitliyin təməlini özündə ehtiva edir. Hüquqların təmin olunması, sosial inteqrasiya və mədəni sahələrdə kompleks tədbirlər Azərbaycanın Qərbi Azərbaycana qayıdış konsepsiyasının əsas istiqamətidir və regionun gələcəkdə sabit və rifah dolu inkişafına xidmət edir.

Əli Səlimov, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi, tədqiqatçı